RƏSMİ XRONİKA
CƏBRAYIL RAYON SAKİNİ RƏHİM RƏHİMOVUN ÇIXIŞI
Bizim möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin tikdirdiyi bu möhtəşəm qəsəbədə Sizi salamlayır, “Xoş gəldiniz!” deyirəm.
Bu gün qəsəbədə qələbəlik hökm sürür. Hamı bir-birini təbrik edir, xeyirli olsun, bu evləri tikdirənin ömrü uzun olsun deyirlər. Biz də bu sevinclərə qoşuluruq. Lakin bizim bu sevincimizə bir sevinc də əlavə olunmuşdur. Bu, cənab İlham Əliyevin Baş nazir təyin edilməsidir. Cənab Baş nazir, bu münasibətlə biz Sizi təbrik edir, yeni vəzifənizi alqışlayır və xeyirli olsun, Heydər Əliyev siyasi xəttini davamı olsun deyirik.
Burada qeyd olundu, Naxçıvan Muxtar Respublikasında təşəbbüs qrupu yaradılıb cənab İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləndə buna ilk səs verənlərdən biri də biz olduq. Biz bu qərarı qəbul edəndə heç bir tərəddüd etməmişik. Elmdə belə bir prinsip var: həqiqət müqayisələr aparmaqla üzə çıxır. Gəlin, müqayisə aparaq, özünü siyasi müxalifət adlandıranlarla iqtidarın gördüyü işlərə nəzər salaq. Əgər Heydər Əliyevin 35 ildə tikdirdiyi binaların açılışında kəsilmiş qırmızı lentləri bir yerə toplasaq, müxalifət düşərgəsində olanların hərəsinə bir kostyum çıxar. Əgər Heydər Əliyevin siyasi səhnədə qazandığı mükafatları tərəzinin bir gözünə, siyasi müxalifətin isə hamısını tərəzinin o biri gözünə qoysaq, müxalifət tərəfi havada qalacaqdır. Çünki onların siyasi çəkiləri yox dərəcəsindədir.
Cənab Heydər Əliyev bizim çadır düşərgələrinə dörd dəfə gəlibdir. Hətta o, cəbrayıllı gənclərin dördünün toyunda iştirak edibdir. İlham müəllim, bəlkə də yeri deyil, bilmirəm, atanız öz övladlarının toyunda qol qaldırıb oynayıbmı, amma burada qol qaldırıb bəylə gəlini oynatdı, onlara öz hədiyyəsini, ağsaqqal xeyir-duasını verdi. Bu, bütün Cəbrayıl rayonunun tarixində bir səhifədir və biz onu heç vaxt unutmayacağıq.
Mən televiziya vasitəsilə prezidentliyə namizədlərin çıxışını izləyirəm. Onlar qeyd edirlər ki, hakimiyyətə gələcəkləri təqdirdə maaşları 5-6 dəfə artıracaqlar. Əlbəttə, onlar bunu edə bilərlər. Çünki Heydər Əliyev gecəli-gündüzlü siyasət aparıb qəpik-qəpik dövlət büdcəsinə pul yığıbdır. Onu xərcləməyə nə var ki. Mən də olsam onu xərcləyə bilərəm.
Çox vaxt onlar çıxışlarında deyirlər ki, guya Heydər Əliyev Qarabağ danışıqlarında cəsarətsizlik göstərir. İndi üzümü onlara tutub soruşuram ki, Heydər Əliyev Siyasi Büroda Qorbaçovla üz-üzə gəlib türk təəssübkeşliyini çəkəndə, bəlkə onun sağında-solunda indi platforma ilə çıxış edənlər durmuşdu?! Ona görə mən onlara deyirəm ki, Azərbaycana müxalifət lazımdır. Lakin əsl sağlam siyasi müxalifət lazımdır.
Onlar qeyd edirlər ki, Azərbaycana yeni ruh, yeni nəfəs lazımdır. Düz deyirlər, amma yanılırlar. Ona görə ki, biz onların nəfəslərini 1992-1993-cü illərdə hakimiyyətdə olduqları dövrdə görmüşük. Bizə Sidney səmalarında Azərbaycan bayrağını dalğalandıran, himnimizi səsləndirən cənab İlham Əliyev lazımdır.
Cənab Baş nazir, Siz bizim problemimizi Avropa Şurasının Parlament Assambleyasında, BMT-nin Baş Məclisində qaldırmısınız. Xüsusən Azərbaycanın qlobal məsələsi olan Qarabağ problemində, bütövlükdə erməni lobbisinin maneələrinə baxmayaraq, onları susdurmusunuz. Biz bunu heç vaxt unutmarıq.
Hörmətli cənab Baş nazir!
Bir dəfə Türkiyədən gəlmiş nümayəndə cənab Heydər Əliyevə nadir bir hədiyyə etdi. Bu, gözmuncuğu idi. Çox qəribə hədiyyə idi. Müdrik xalq inancına görə gözmuncuğu bəd nəzərlərdən qorunmaq üçündür. Allah Sizi naşı siyasətbazlardan, çörəyi dizinin üstündə olanlardan, vəzifə kreslosunda oturub küləyin hansı tərəfə əsəcəyini gözləyənlərdən qorusun. Müstəqil, yeni Azərbaycanın tərəqqisi naminə, Sizi bir daha əmin edirik ki, bütün cəbrayıllılar Heydər Əliyevin siyasi xəttini dəstəkləyirlər. Xahiş edirəm ki, cəbrayıllıların, bütün məcburi köçkünlərin salamını atanıza, cənab Heydər Əliyevə çatdırasınız. Qoy bilsin ki, biz gecəli-gündüzlü onun duaçılarıyıq.