SİYASƏT
ÇERKASSI NÜMAYƏNDƏ HEYƏTİNİN SUMQAYITA SƏFƏRİ DAVAM EDİR
İyulun 2-də ukraynalı qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, “Əbədi məşəl”in önünə əklil qoymuş, vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş mərd oğullarımızın məzarları üstünə tər çiçəklər düzmüşlər.
Sonra Sumqayıt İcra Hakimiyyətində görüş keçirilmişdir. İcra hakimiyyətinin başçısı Vaqif Əliyev qonaqları salamlayaraq bildirmişdir ki, əsası ümummilli liderimiz Heydər Əliyev və Ukrayna Prezidenti Leonid Kuçma tərəfindən qoyulmuş Azərbaycan-Ukrayna dostluq münasibətləri dinamik inkişaf edir. Ukrayna bizim strateji tərəfdaşımızdır. Təsadüfi deyil ki, dövlətimizin başçısı İlham Əliyevin ilk səfərlərindən biri Ukraynaya olmuşdur.
V.Əliyev Azərbaycandakı ictimai-siyasi vəziyyətdən, ölkəmizin iqtisadi inkişafından və sahibkarlığın hərtərəfli inkişafı üçün yaradılmış əlverişli şəraitdən danışmışdır. O, inteqrasiya proseslərinin şəhərin inkişafı üçün vacibliyini vurğulayaraq demişdir ki, Sumqayıt müxtəlif ölkələrin bir çox şəhərləri ilə fəal əlaqələr yaradır. Hazırda Belarusun Mogilyov şəhəri ilə dostluq əlaqələri yaradılması üçün danışıqlar aparılır.
Çerkassı şəhər meriyasının daxili siyasət şöbəsinin müdiri, şəhər şurasının deputatı Svetlana Slodzka görüşdə çıxış edərək, səmimi qonaqpərvərliyə görə sumqayıtlılara təşəkkürünü bildirmiş, şəhərin meri Anatoli Voloşinin salamlarını çatdırmışdır.
Sonra qonaqlar Çerkassının iqtisadiyyatı barədə söhbət açaraq, tərəfdaşlıq münasibətləri yaradılmasında ukraynalı dostların marağı olduqlarını bildirmişlər.
Çerkassının nümayəndə heyətinin Sumqayıta səfəri 3 gün davam edəcəkdir.