İDMAN
ÇİMƏRLİK FUTBOLU ÜZRƏ AZƏRBAYCAN YIĞMASI QRUPDA SON OYUNUNU KEÇİRMİŞDİR
AZƏRTAC AFFA-ya istinadən xəbər verir ki, mayın 13-də dünya çempionatının seçmə mərhələsinin Avropa zonasının C qrupunda mübarizə aparan çimərlik futbolu üzrə Azərbaycan yığması qrupda son oyununu keçirmişdir. İspaniyanın Benidorm şəhərində keçirilən seçmə mərhələnin oyunlarında millimiz Yunanıstan yığması ilə qarşılaşmış və rəqibə 5:1 hesabı ilə məğlub olmuşdur.
Xatırladaq ki, komanda qrupda keçirdiyi ilk oyunda İtaliya yığmasına 4:2 hesabı ilə məğlub olmuş, növbəti görüşdə isə Norveç millisinə 3:2 hesabı ilə qalib gəlmişdi. Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının növbəti mərhələyə yüksəlib-yüksəlməməsi İtaliya və Norveç yığmaları arasında bu gün keçiriləcək oyunun nəticəsindən asılı olacaqdır.
Avropa zonasında 24 komanda 6 qrupda 4 vəsiqə uğrunda mübarizə aparır. Qruplarda ilk iki pilləni tutan komandalar növbəti mərhələyə yüksələcək. 3-cü pilləni tutan ən yaxşı göstəriciyə malik olan 4 yığma da səkkizdəbir final mərhələsində yarışacaqdır. Yarımfinala vəsiqə qazanacaq dörd komanda isə iyulda Marseldə təşkil ediləcək dünya çempionatında iştirak edəcəkdir.