İDMAN
ÇİN GƏNCLƏR SİYASƏTİ SAHƏSİNDƏ AZƏRBAYCAN İLƏ DAHA FƏAL ƏMƏKDAŞLIQ ETMƏYƏ HAZIRDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Ümumçin Gənclər Federasiyasının nümayəndə heyəti ilə görüşmüşdür.
A.Rəhimov demişdir ki, hələ 2005-ci ildə Gənclər və İdman Nazirliyi ilə Çinin müvafiq qurumu arasında ikitərəfli əməkdaşlıq haqqında imzalanmış müqavilədən sonra ölkələrimizin gənclər siyasəti sahəsində əlaqələri yeni mərhələyə qədəm qoymuşdur. Çinə səfəri zamanı həmin ölkədə gənclər siyasəti sahəsində aparılan işlərlə, oradakı idman qurğuları ilə yaxından tanış olduğunu deyən nazir, qarşılıqlı təcrübədən yararlanmağın vacibliyindən danışmışdır. Nazir, həmçinin Çində mövcud olan gənclər evinin fəaliyyətinin onda xüsusi maraq oyatdığını söyləmişdir. A.Rəhimov demişdir ki, bu gün Azərbacanda gənclər siyasəti sahəsində fəallıq hiss olunur, parlamentin gənclər siyasəti ilə bağlı qəbul etdiyi qanun, gənclər mərkəzlərinin tikilməsi bu sahəyə olan diqqətin təcəssümüdür.
Nazir bu gün Azərbaycanda 170-dək qeyri-hökumət gənclər təşkilatının fəaliyyət göstərdiyini, habelə, ölkə əhalisinin 66 faizini 35 yaşadək olan insanların təşkil etdiyini vurğulamışdır.
Ümumçin Gənclər Federasiyası katibliyinin rəis müavini, nümayəndə heyətinin rəhbəri Sya Quançji səmimi qarşılandıqları üçün minnətdarlığını bildirərək, ölkəsinin Azərbaycan ilə gənclər siyasəti sahəsində əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırmışdır.
Qonaq demişdir ki, biz Azərbaycanla daha fəal əməkdaşlığa hazırıq. Azərbaycanda olduğumuz müddətdə ölkənizin gəncləri ilə yaxından tanış olmaq və ölkənin səfalı yerlərini görmək istərdik. Nümayəndə heyətinin rəhbəri təmsil etdiyi qurumun ölkəmizlə ikitərəfli əməkdaşlığa layiqli töhfə verməyə hazır olduğunu vurğulamışdır.
Sonda çinli qonaqlar nazir Azad Rəhimova xatirə hədiyyələri təqdim etmişlər.
Səfər çərçivəsində qonaqlar Sumqayıtda və Lahıcda olacaq, Heydər Əliyev Fonduna baş çəkəcək, Bakıda gənclər təşkilatlarının nümayəndələri ilə görüşəcəklər.