REGİONLAR
Çalınan son zəng 1403 tərtərli məzunu müstəqil həyata səsləyib
Tərtər, 14 iyun, AZƏRTAC
İyunun 14-də Tərtər rayonunun 34 tam, 10 ümumi orta məktəbində son zəng çalınıb. Rayon üzrə 604 nəfər şagird XI sinfi, 799 nəfər şagird isə IX sinfi bitirib.
AZƏRTAC xəbər verir ki, son zəng tədbirləri rayonun məktəblərində təntənəli qeyd olunub. Bütün ümumtəhsil məktəblərində tədbirlər Dövlət Bayrağının gətirilməsi, dövlət himninin səsləndirilməsi ilə başlanıb. Rəngarəng musiqi nömrələri, müəllimlərin, məzunların çıxışları bir-birini əvəz edib.
Son zəng mərasimlərində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik edib, hansı peşəyə yiyələnməsindən asılı olmayaraq öz bilik və bacarıqları ilə Azərbaycanın inkişafına töhfələr verməyi, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıb.
Məktəblilərin musiqili-bədii çıxışları ilə davam edən tədbirlər iştirakçılara xoş və duyğulu anlar yaşadıb. Çalınan son zəng isə məzunları sinif otaqlarına deyil, müstəqil həyata səsləyib.