DÜNYA
Çexiya ÜİF reytinqində ilk iyirmiliyə daxil ola bilər
Praqa, 3 oktyabr, AZƏRTAC
Əmək resurslarının qıtlığı, get-gedə artan bürokratiya, yarıtmaz nəqliyyat infrastrukturu, həmçinin enerjinin bahalaşması, Mərkəzi Bankın (ÇNB) milli valyutanı idarəetmə tədbirləri və maaşların artımına təzyiq göstərilməsi – bütün bunlar Çexiyanın iqtisadi inkişafı yolunda əsas maneələrdir.
AZƏRTAC xəbər verir ki, Çexiyanın Sənaye və Nəqliyyat İttifaqının prezidenti Yaroslav Qanak bu fikirləri təşkilatın Brnoda keçirilən qurultayında söyləyib. Hazırda Çexiyada 313 min işçi çatışmır.
Qanak milli iqtisadiyyata mənfi təsir göstərən amillər sırasında brexit, ABŞ-ın proteksionizm siyasəti, həmçinin Asiya ölkələri, Avstraliya və Yeni Zelandiya arasında formalaşmaqda olan ticarət sazişi kimi geosiyasi amillərin adını çəkib.
Qanakın fikrincə, bununla belə, prinsipial əhəmiyyətli daxili siyasət problemlərinin həlli zamanı Çexiya Respublikası dünya iqtisadiyyatlarının Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən tərtib edilən rəqabətədavamlılıq reytinqində öz mövqeyinin yaxşılaşmasına və həmin reytinqdə ilk iyirmiliyə daxil olmağa iddia edə bilər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa