DÜNYA
Çexiya suriyalı kimsəsiz uşaqlara Suriyanın özündə kömək edəcək
Praqa, 7 fevral, AZƏRTAC
Çexiya Suriyada 50 kimsəsiz uşaq üçün mərkəz inşa edəcək. Mərkəzi gələcəkdə genişləndirmək nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 7-də Çexiyanın Baş naziri Andrey Babiş Suriya Qırmızı Aypara Cəmiyyətinin nümayəndələri ilə görüşündən sonra bildirib. Mərkəzin inşası üçün sponsor ianələrinin toplanması məqsədi ilə xüsusi fond təsis ediləcək.
Avropa Parlamentində Çexiya xristian demokratlardan olan deputat Mixayeda Şoydreva 2018-ci ildə Yunanıstanda yerləşən miqrant düşərgəsindən valideynlərini Suriya münaqişəsində itirmiş 50 kimsəsiz uşağın Çexiya tərəfindən qəbul edilməsi layihəsini təqdim edib. Baş nazir Andrey Babiş bu layihəni qətiyyətlə rədd edib və suriyalı uşaqlara onların öz vətənində yardım göstərməyi təklif edib.
Hazırda Suriya ərazisində 2 hektar torpaq sahəsi Çexiyanın sərəncamındadır. Çexiya həmin ərazidə uşaq bağçası, yataqxana, yeməkxana və idman kompleksi inşa etməyi planlaşdırır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa