DÜNYA
Çexiyalı milyarder Alyaskada helikopter qəzasında həlak olub
Bakı, 29 mart, AZƏRTAC
PPF beynəlxalq maliyyə-investisiya qrupunun sahibi, Çexiyalı milyarder Petr Kellner şənbə günü Alyaska ştatının Byutt şəhəri yaxınlığında “Eurocopter AS50” helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların arasındadır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, PPF kompaniyasının mətbuat katibi Yitka Tkadlesov Çexiyanın ən varlı vətəndaşının həlak olması faktını təsdiqləyib.
Petr Kellner 2019-cu ildən PPF kompaniyasının 98,93 faizinin sahibi idi. “Forbes” jurnalının məlumatına görə, onun varidatı 15,5 milyard dollara çatırdı. Kellner son 15 ildə dünyanın ən varlı insanlarının reytinqində yer alırdı.
Qeyd edək ki, “Eurocopter AS50” helikopterinin Alyaskada qəzaya uğraması nəticəsində azı beş nəfər həlak olub. Qəza Knik buzlağı rayonunda baş verib. Ölənlər arasında Petr Kellnerdən başqa daha bir çexiyalının da olduğu bildirilir.
Hələlik qəzanın səbəbi müəyyən olunmayıb. ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası insidentlə bağlı təhqiqata başlayıb.