DÜNYA
Çin COVID-19 virusu ilə əlaqədar 20 ölkənin şirkətlərindən ərzaq idxalını dayandırıb
Pekin, 16 noyabr, AZƏRTAC
Çin xaricdən gətirilən bəzi ərzaq nümunələrində COVID-19 virusu aşkarlandıqdan sonra 20 ölkənin 99 şirkətindən ərzaq idxalını dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Baş Gömrük Administrasiyası açıqlama yayıb. Bildirilir ki, qurum 50 ölkədən Çinə ərzaq idxalı ilə məşğul olan 140 müəssisənin məhsulları, əsasən də donmuş ərzaq nümunələrini test edib. Bu ölkələr virusun hazırda sürətlə yayıldığı dövlətlərdir. Nəticələrə əsasən bəzi şirkətlərin Çinə ərzaq idxal etməsi dayandırılıb. Qərar tətbiq olunarkən həmin müəssisələrin əməkdaşları arasında virusa yoluxma hallarının olması da nəzərə alınıb.
Çin indiyədək 873 min ərzaq nümunəsini koronavirulsa əlaqədar test edib. Nəticədə 13 nümunənin nəticəsi müsbət olub.
Çin Baş Gömrük Administrasiyası xaricdən ərzaq gətirən şirkətləri epidemiya əleyhinə tədbirlərə ciddi riayət edilməsi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Çində yeni növ koronavirusun yayılması səngiyəndən sonra xaricdən idxal edilən ərzaqlarda və ya onların qablaşdırmasında virusun aşkarlanması halları qeydə alınıb. Pekin bundan əvvəl bir neçə xarici şirkətdən ərzaq idxalını, o cümlədən “Tyson Foods” (ABŞ) şirkətindən quş əti, “Toennies Group”dan (Almaniya) donuz əti idxalını dayandırıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin