DÜNYA
Çin hərbi paradda yeni qitələrarası ballistik raket nümayiş etdirib
Bakı, 30 iyul, AZƏRTAC
Bazar günü Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 90 illiyi münasibətilə keçirilən hərbi paradda milli istehsal olan yeni DF-31AG qitələrarası ballistik raket ilk dəfə nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, Çin mərkəzi Televiziyasının reportajında raketin maksimal uçuş məsafəsinin 10 min kilometrə çatdığı qeyd olunub. Paradda 12 minə yaxın hərbi qulluqçu və aralarında 100-dən çox təyyarənin olduğu 600 hərbi texnika iştirak edib. Silahların bir çox nümunələri ilk dəfədir nümayiş etdirilir.
Çin Xalq Azadlıq Ordusunun tarixi 1927-ci il avqustun 1-nə, Nançan üsyanına gedib çıxır. Çin Xalq Respublikasının (ÇXR) gələcək hərbi-siyasi rəhbərliyinin özəyinin əsası məhz bu üsyanın gedişində yaranmışdı.
1949-1959-cu illərdə hərbi paradlar hər il oktyabrın 1-də, ÇXR-in yaranması günü keçirilirdi. Sonradan ölkə rəhbərliyi büdcəyə qənaət məqsədilə paradları yalnız yuvarlaq tarixlərdə - hər on ildən bir keçirməyi qərara alıb.