DÜNYA
Çin yeni nəsil “Böyük yürüş” raketi ilə orbitə eksperimental peyk çıxarıb VİDEO
Pekin, 12 mart, AZƏRTAC
Çin yeni nəsil “Böyük yürüş-7A” (“Long march”) raketdaşıyıcısı ilə orbitə eksperimental peyk çıxarıb.
AZƏRTAC xəbər verir ki, raketin buraxılışı Çinin cənubundakı Haynan adasında yerləşən Vençan buraxılış məntəqəsindən yerli vaxtla saat 1:51-də baş tutub. Təkmilləşdirilmiş “Böyük yürüş-7A” raketdaşıyıcısı 7 ton yükü geosinxron orbitə qaldırmaq gücünə malikdir. Uzunluğu 60,1 metr olan raket “Böyük yürüş-7” raketindən 7 metr uzundur.
Raketin dizaynerlərindən olan Ma Conhuy “Böyük yürüş-7A”nın gələcəkdə daha da təkmilləşdiriləcəyini bildirib: “Peyklər getdikcə daha böyük olur. Ona görə də raketlərin burnu da böyük olmalıdır”. O, martın 12-də buraxılışı həyata keçirilmiş “Böyük yürüş-7A”nın burnunun diametrinin 4,2 metr olduğunu, gələcəkdə bu ölçünün 5,2 metrə çatdırılacağını deyib.
Bildirilir ki, “Böyük yürüş-7A” yüksək orbit üçün nəzərdə tutulan ortaölçülü raketdaşıyıcı kimi Çinin kosmik fəaliyyətində əsas tapşırıqların yerinə yetirilməsində istifadə olunacaq.
Qeyd edək ki, bu, “Long march” silsiləsindən 362-ci raketin buraxılışı olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin