DÜNYA
Çində "Lekima" qasırğası nəticəsində ölənlərin sayı 28-ə çatıb
Pekin, 11 avqust, AZƏRTAC
Çində şiddətli "Lekima" qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 28-ə çatıb. İtkin düşənlərin sayı 20-dir. Hazırda itkin düşənlərin axtarışları davam etdirilir.
AZƏRTAC yerli hakimiyyət orqanlarına istinadla xəbər verir ki, dünən Çin sahillərinə çatan qasırğa əsasən ölkənin Cıcian vilayətində ciddi tələfat və dağıntıya səbəb olub. Belə ki, Vencou şəhərinin Yoncia dairəsində qasırğanın gətirdiyi şiddətli yağışlar torpaq sürüşməsinə səbəb olub. Palçıq axını çayın qarşısını kəsib və daşqın suları qəsəbəni basıb. Vilayətdə 173 min hektar əkin sahəsi daşqın sularının atında qalıb, 34 min ev zərər görüb.
Ümumilikdə, qasırğa səbəbindən 1 milyondan çox insan təxliyə edilib. Cıcian vilayətində qasırğanın törətdiyi fəsadlar 5 milyona yaxın sakinə mənfi təsir edib. Ümumi maddi zərər 14,57 milyard yuan (təxminən 2,1 milyard ABŞ dolları) qiymətləndirilir.
"Lekima" hazırda şimal istiqamətində Şandun vilayətinə doğru hərəkət edir. Güman olunur ki, günün sonunda qasırğa vilayətin sahillərinə çatacaq qasırğa güclü külək və şiddətli yağışlar gətirəcək. Hava limanlarından 47 təyyarənin uçuşu təxirə salınıb.
Qasırğa ölkənin Anhuy, Fucien, Ciansu, Cıcian vilayətlərində, habelə Şanxay şəhərində və Tayvan bölgəsində şiddətli yağışlara səbəb olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin