DÜNYA
Çində kömür mədənində köməksiz vəziyyətdə qalan şaxtaçılardan 20 nəfəri xilas edilib, ikisi ölü tapılıb VİDEO
Pekin, 18 dekabr, AZƏRTAC
Çinin Şensi vilayətindəki kömür mədənlərindən birində dekabrın 15-də baş verən su basması nəticəsində köməksiz vəziyyətdə qalan şaxtaçılardan 20 nəfəri xilas edilib, 2-sinin isə cəsədi tapılıb.
AZƏRTAC yerli hökumətin məlumatına istinadla xəbər verir ki, Siaoyi şəhərindəki mədəndə qalan şaxtaçıların xilas edilməsi əməliyyatının gedişində mədəndə yığılmış su bir neçə nasos vasitəsilə sorulub. Axtarış-xilasetmə işlərinə 400 nəfərdən çox şəxsi heyət və xeyli texnika cəlb olunub. Xilasedicilərin soyuq və küləkli hava şəraitində həyata keçirdikləri əməliyyat nəticəsində 20 mədənçi tapılaraq xilas edilib. Onlar müayinə üçün xəstəxanalara yerləşdiriliblər.
Qanunsuz fəaliyyət göstərən mədəndə texniki təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən baş verən hadisə ilə əlaqədar 7 nəfər şübhəli şəxs qismində saxlanılıb. Bundan başqa, Siaoyi şəhərinin meri və partiya komitəsinin sədri vəzifələrindən azad edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin