DÜNYA
Çində koronavirus əleyhinə 308 milyon dozadan çox peyvənd vurulub
Bakı, 8 may, AZƏRTAC
Çinin hakimiyyət orqanları koronavirus infeksiyası əleyhinə ümumi vaksinasiya proqramı çərçivəsində ölkədə istehsal olunan 308 milyondan çox peyvənd dozasından istifadə edib.
AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumata əsasən, son sutka ərzində ölkə vətəndaşlarına 10,5 milyon doza peyvənd vurub. Rəsmi statistikaya görə, Pekin sakinlərinin 67 faizdən çoxu (14,7 milyon nəfər) vaksindən istifadə edib.
Çin hökuməti əhalini aktiv şəkildə vaksinasiyadan keçərək özlərini virusdan qorumağa çağırır. Pekinin hər yerində - yaşayış rayonlarında, parklarda, insanların sıx cəmləşdiyi məkanlarda peyvənd vurdurmaq istəyənlər üçün nəzərdə tutulan kiçik çadırlara gəlmək olar.
Ölkədə geniş istifadəyə hazır olan azı beş peyvənd əldə edilib. Bundan əlavə, Çinin əczaçılıq kompaniyaları daha bir neçə digər preparat üzərində də klinik sınaqlar keçirir.
Ölkənin aparıcı epidemioloqu Çjun Nanşanın sözlərinə görə, hökumət iyun ayına qədər əhalinin təxminən 40 faizini, yəni 560 milyonadək insanı peyvənd etməyi planlaşdırır.