DÜNYA
Çində korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində 200 min vəzifəli şəxs cəzalandırılıb
Pekin, 5 dekabr, AZƏRTAC
Çin Xalq Respublikasında korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində təxminən 200 min vəzifəli şəxs cəzalandırılıb.
ÇXR-in hazırkı Sədri Si Cinpin 2012-ci ilin sonunda Çin Kommunist Partiyasının sədri seçildikdən sonra ölkədə korrupsiyaya qarşı mübarizə kampaniyası elan edilib. Ötən 4 ildə kampaniya çərçivəsində həm dövlət və hökumət strukturunda çalışan vəzifəli şəxslər, həm də partiya daxilində müxtəlif vəzifələri daşıyanlar cəzalandırılıblar.
Dövlət və partiya əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma, habelə xidməti avtomobilləri şəxsi məqsədlər üçün istifadə etmə, təmtəraqlı ziyafətlər və toy məclisləri təşkil etmə, bahalı hədiyyələr mübadiləsi, rüşvət alma və digər məsələlərə görə açılmış 146 min 400 cinayət işinə görə müxtəlif formada cəzalar verilib. Buraya vəzifədən azadedilmə, daha aşağı vəzifəyə keçirilmə, partiyadan xaricedilmə və həbs cəzaları aiddir. Kampaniya çərçivəsində həbs olunan onlarla yüksək vəzifəli şəxs arasında keçmiş nazir və nazir müavinləri, vilayət qubernatorları və vitse-qubernatorlar, şəhər merləri, partiyanın yerli təşkilatlarının rəhbər şəxsləri, ali rütbəli hərbçilər var.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin