İQTİSADİYYAT
Çinin “Bir kəmər, bir yol” ölkələri ilə ticarət dövriyyəsi 13 faiz artıb
Pekin, 27 oktyabr, AZƏRTAC
Çinin “Bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi ölkələrlə ticarət dövriyyəsi yanvar-sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 863 milyard ABŞ dollarına çatıb.
AZƏRTAC Çinin Kommersiya Nazirliyinə istinadla xəbər verir ki, həmin dövrdə Çinin “Bir kəmər, bir yol” ölkələri ilə ticarət dövriyyəsində idxal 20,9 faiz, ixrac isə 7,7 faiz artıb. Hesabat dövründə həmin ölkələrə yatırılan investisiyalar da 12,3 faiz çoxalıb.
“Bir kəmər, bir yol” təşəbbüsünün elan olunduğu 2013-cü ildən bəri Çinin həmin ölkələrlə ümumi ticarəti 5 trilyon dolları ötüb.
Qeyd edək ki, “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən olan Azərbaycan ilə Çin arasında iqtisad-ticari əlaqələrdə də son vaxtlar artım müşahidə olunur. Belə ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dollara yaxın olub. Bu, əvvəlki illə müqayisədə 20 faiz çoxalma deməkdir. Cari ilin yanvar-sentyabr aylarında isə iki ölkə arasında ticarət dövriyyəsi 848,9 milyon dollar təşkil edib. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 50 faizi Azərbaycanın payına düşür. Azərbaycanda ticarət, xidmət, sənaye, tikinti və digər sahələrdə 100-dən çox Çin sərmayəli şirkət fəaliyyət göstərir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin