ELM VƏ TƏHSİL
“Çoxmədəniyyətliliyin nəhəng körpüsü – İmadəddin Nəsimi yaradıcılığı” toplusu çapdan çıxıb
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin təsisçisi və sədri, fəlsəfə üzrə elmlər doktoru Xatirə Quliyevanın tərtib etdiyi “Çoxmədəniyyətliliyin nəhəng körpüsü – İmadəddin Nəsimi yaradıcılığı” elmi məqalələr toplusu (2-ci kitab) nəşr olunub.
AZƏRTAC xəbər verir ki, məqalələr toplusu AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovanın elmi redaktorluğu ilə işıq üzü görüb. Kitabın tərcüməçisi Xatirə Quliyeva, rəyçiləri professor Nadir Məmmədli və Hüseyn İbrahimov, redaktoru isə Sevinc Quliyevadır.
Topluya dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi haqqında ərəbdilli media səhifələrində, həmçinin şairin uyuduğu Suriyada dərc olunmuş sanballı yazılar daxil edilib.
Elmi məqalələr toplusu Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamlarının icrasına uyğun olaraq hazırlanıb.