CƏMİYYƏT


COVID-19 ABŞ-da orta ömür həddinin azalmasına səbəb olub

Vaşinqton, 18 yanvar, AZƏRTAC

COVID-19 pandemiyası Amerika Birləşmiş Ştatlarında 2020-ci ildə orta ömür həddini azı 12 ay qısaldıb: bu göstərici təqribən 78,5 yaşdan 77,5 yaşa enib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Proceedings of the National Academy of Sciences” elmi jurnalında dərc edilən hesabatda bildirilir. Koronavirusun ömür həddinə təsiri ilə bağlı sosial tədqiqat aparan “Proceedings of the National Academy of Sciences” aparıcı Amerika nəşridir, burada müxtəlif sahələr, əsasən biologiya və tibb, həmçinin fizika və sosial elmlər üzrə orijinal elmi tədqiqatlar dərc edilir.

Məlumatlara əsasən, afroamerikalıların ömür həddi azı 2 il, Latın amerikalılarında isə müvafiq göstərici azı 3 il azala bilər. Tədqiqatçıların fikrincə, ağdərili insanların ömrünün 1 ildən az qısalması mümkündür.

Ötən il koronavirus Birləşmiş Ştatlarda 336 min insanın ölümünə səbəb olub. Tədqiqatın həmmüəllifi, Los-Ancelesdəki Cənubi Kaliforniya Universitetinin Leonard Devis adına Herontologiya Məktəbinin elmi işçisi Tereza Andrasfayın bəyanatında deyilir: “COVID-19 ABŞ-da, xüsusən afroamerikalı və Latın amerikalılar arasında ömür həddinə böyük təsir edib. Bilirik ki, əhalinin bu qrupunun nümayəndələrində COVID-19 koronavirusundan ölüm riskini artıracaq bəzi xəstəliklər daha yüksək səviyyədə olur”.

2010-cu ildə əhalinin siyahıyaalınması göstəricilərinə görə, ABŞ əhalisinin 13 faizini afroamerikalılar, təxminən 18 faizini Latın amerikalılar təşkil edir.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.