REGİONLAR


Cari ilin birinci yarısında Tərtərdə 11 milyon 177,4 min manatlıq tikinti-quraşdırma işləri aparılıb

Tərtər, 9 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Cari ilin altı ayında Tərtər rayonunda ümumi məhsul buraxılışının həcmi 90,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 11 milyon 878,4 min manat təşkil edib ki, onun da 11 milyon 177,4 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Hesabat dövründə 1 milyon 770 min manat dəyərində əsas fondlar istifadəyə verilib və 483-ü daimi olmaqla 951 yeni iş yeri açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Tərtər rayonunda 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib.

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Birinci yarımildə Tərtər şəhərinin Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə, Vəzir Orucov, Qaçay Mehdiyev və Teymur Rəhimov küçələrində 2,4 kilometr uzunluğunda asfalt-beton örtük salınıb, Tərtər-Hindarx avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsi (19 kilometr), uzunluğu 9 kilometr olan Sarov-Borsunlu kəndlərarası avtomobil yolu və uzunluğu 5 kilometr olan Hacıqərvənd kəndarası avtomobil yolu əsaslı təmir olunub. "Azərxalça” ASC-nin Tərtər filialının tikintisi başa çatdırılıb. Ekoloji tarazlığın qorunması məqsədilə yol kənarlarında, yaşayış məntəqələrində və meşə zolaqlarında 20 mindən çox müxtəlif növ ağac, 3 min gül kolu və 700 min həmişəyaşıl kollar əkilib.

Hazırda Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasının, Olimpiya İdman Kompleksinin, bayraq muzeyinin tikintisi, Vəzir Orucov küçəsində isə abadlıq işləri davam etdirilir. Kövdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta məktəblər üçün modul tipli binaların tikintisi yekunlaşır. Bəyimsarov, Hüsənli kənd və 1 nömrəli şəhər tam orta məktəblərində cari təmir işləri aparılır.

Yığıncaqda qeyd olunub ki, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzində saxlanılıb. İlin birinci yarısında kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,5 faiz artaraq 44 milyon 892,8 min manat təşkil edib.

Əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə hesabat dövründə suvarma sistemlərində 4 hidrotexniki qurğu və 7 hidrotexniki post təmir edilib, 392 min kubmetr lildən təmizləmə işi aparılıb. İnvestisiya vəsaiti hesabına Qaraağacı kəndində kanalın min metri, Buruc-Sarıcalı kanalının 200 metri beton üzlük çəkilməsi üçün hazırlanıb, 480 metr arxa beton üzlük çəkilib. 2018-ci ildə rayonun müxtəlif kəndlərində yeni qazılmış 13 subartezian quyusu cari ildə balansa götürülərək istismara verilib. Bu il daha 13 yeni subartezian quyusunun qazılması və 4 quyunun təmir-bərpası nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, ilin altı ayında Tərtər rayonunda 42 min 352,3 ton taxıl, 3962,4 ton kartof, 8189,1 ton müxtəlif tərəvəz məhsulları, 407,4 ton dən üçün qarğıdalı, 50,4 ton noxud, 1748,4 müxtəlif növ meyvə istehsal olunub. Rayon kümçüləri tərəfindən 17 min 341 kiloqram barama tədarük edilib. Rayon ərazisində əkilmiş 3427,2 hektar pambıq, 670,5 hektar şəkər çuğunduru, 2481,6 hektar günəbaxan sahələrindən də yüksək məhsuldarlıq gözlənilir. Meyvəçiliyin inkişafını təmin etmək məqsədilə cari ildə 84 hektar yeni meyvə bağları salınıb ki, ondan 58 hektarı intensiv bağlardır.

İlin altı ayı ərzində rayona 162 baş cins mal gətirilib, heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 1035 baş inək süni mayalandırılıb, 550 baş buzov doğulub.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən ətraflı bəhs edilib. Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.