İQTİSADİYYAT
“Caspian European Club” və “Caspian Energy” XXII Dünya Neft-Qaz Konqresi və Sərgisində iştirak edir
Bakı, 10 iyul, AZƏRTAC
“Caspian European Club” və “Caspian Energy International Media Group”un nümayəndə heyəti XXII Dünya Neft-Qaz Konqresi və Sərgisinin (22nd World Petroleum Congress and Exhibition) işində iştirak edir.
“Caspian European Club”dan AZƏRTAC-a bildiriblər ki, sərgidə “Caspian Energy”nin stendi nümayiş olunur.
“Caspian Energy International Media Group” 2017-ci il iyulun 9-dan 13-dək İstanbulda keçirilən Dünya Neft-Qaz Konqresinin (22nd WORLD PETROLEUM CONGRESS ISTANBUL 2017) media-partnyorudur.
Konfransa dəvət olunmuş spikerlər arasında ABŞ-ın dövlət katibi Reks Tillerson, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Rusiyanın energetika naziri Aleksandr Novak, “Total”ın baş direktoru Patrik Puyanne, Türkiyənin energetika naziri Berat Albayrak, BP-nin icraçı direktoru Bob Dadli, Saudi Aramco şirkətinin rəhbəri Amin Naser, “Oil and Gas Credit Suisse”in rəhbəri Osman Abib, Bəhreynin neft naziri şeyx Muhəmməd bin Xəlifə bin Əhməd Əl Xəlifə, OPEC-in baş katibi Muhəmməd Sanusi Barkindo, “Shell”in baş icraçı direktoru Ben vann Beurden, BEA-nın icraçı direktoru Fatih Birol, “Woodside”nin baş direktoru Pitel Kolmen və digərləri yer alıblar.
Çıxış edənlər arasında “Shell”, “Kuwait Petroleum”, “Total”, “Saudi Aramco”, “Barra Energia SA”, “Petronas”, “NIOC”, “ExxonMobil Gas”, “BP, ENGIE”, “Halliburton”, “Schlumberger” və s. kimi şirkətlərin rəhbərləri və nümayəndələri də olacaq.
“Caspian Energy” jurnalı dünyanın 50 ölkəsində yayılır. Fəaliyyət göstərdiyi 18 il ərzində jurnalda MDB və Avropa İttifaqı ölkələrinin prezident və baş nazirlərinin, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların, iri transmilli şirkətlərin rəhbərlərinin müsahibələri və aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.
Müxtəlif qiymətləndirmələrə görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz regionunun aparıcı nəşrləri beşliyinə daxil olub, Xəzər-Qara dəniz və Baltik regionlarında fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.