SİYASƏT
Cəbhədə ardıcıl məğlubiyyətlər Ermənistanda sosial-siyasi böhranı daha da dərinləşdirib
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələri tərəfindən ciddi məğlubiyyətə uğradılaraq Füzuli şəhərini və rayonun bir sıra kəndlərini itirən işğalçı Ermənistan ordusunun müqavimət qabiliyyəti tam tükənib. Düşmən ordusu iflic vəziyyətinə düşüb, şəxsi heyət arasında ruh düşkünlüyü pik həddə çatıb. Ermənistan ordusu bütün cəbhəboyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, cəbhədə alınan ardıcıl məğlubiyyətlər iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Heç bir şübhə yoxdur ki, ölkədə Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar artır, əks-qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. “Artıq Ermənistanın əhalisi dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyətə qarşı çıxmaqdadır. Ermənistan əhalisi kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməyin zamanını gözləyir. Ermənistanda hərbi komissarlıqlarda təşkil olunan mitinqlər onu deməyə əsas verir ki, onlar həqiqəti artıq dərk ediblər və bu cinayətdə iştirak etmək istəmirlər. Erməni xalqının öz cinayətkar xunta rejiminin başçılarını məsuliyyətə cəlb edəcəyi heç kəsdə şübhə doğurmur. Ordunun şəxsi heyəti arasında ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır. Artıq valideynlər öz övladlarını orduya buraxmır və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar. Eyni zamanda, əsgərlər arasında kütləvi fərarilik baş alıb gedir, orduda xidmətdən boyun qaçıranları məsuliyyətə cəlb etmək praktikası heç bir nəticə vermir. Hətta Ermənistanda insanlar hərbi çağırış məntəqələrinin qarşısını kəsir, onların fəaliyyətini iflic vəziyyətinə salırlar”, - deyə deputat qeyd edib.
“Ölkədəki və ordudakı mövcud vəziyyət Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu saxlamayıb” – deyən Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Paşinyanın Prezident İlham Əliyevə yalvarmaqdan başqa çıxış yolu qalmayıb. O deyib: “Ermənistan siyasi, iqtisadi, sosial və hərbi böhran mərhələsinə qədəm qoyub. Belə bir vəziyyətdə Paşinyan hakimiyyəti çıxış yolunu Azərbaycanla istənilən şərt altında razılaşmaya getməkdə görməlidir. Əks təqdirdə, Ermənistan ordusuz, Paşinyan isə hakimiyyətsiz qalacaq”.