REGİONLAR
Cəbrayıl Suvarma Sistemləri İdarəsi suvarma işlərinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görür VİDEO
Biləsuvar, 1 dekabr, AZƏRTAC
Cəbrayıl Suvarma Sistemləri İdarəsi xidmət etdiyi ərazilərdə suvarma işlərinin yaxşılaşdırılması üçün hidrotexniki qurğuları sazlayıb, suvarma və kollektor kanallarını lildən təmizləyib. Həmçinin 1650 metr uzunluğunda daşıyıcı kanalın boruları yenilənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, idarə, ümumilikdə, 4809 hektar sahəyə xidmət edir. Yem bitkiləri, taxıl, pambıq, tut bağı, çuğundur, həyətyanı və örüş sahələrindən ibarət olan bu ərazilərin su təminatı 5 nasos stansiyası vasitəsilə həyata keçirilir. Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 11 qəsəbədə 4 nasos stansiyası tikilərək, 4112 hektar sahəni, 1 nasos stansiyası isə rayonun Cocuq Mərcanlı kəndində 417 hektar, Füzuli rayonun Mirzənağılı və Qazaxlar kəndində isə 280 hektar sahəni su ilə təmin edir.
İdarə 99,40 kilometr uzunluqda suvarma kanallarına xidmət göstərir. Bunun 16,4 kilometri qapalı şəbəkə, 83 kilometri açıq suvarma kanallarıdır. Açıq kanalların 33,2 kilometri beton, 49,8 kilometri torpaq tiplidir. Həmçinin 507 ədəd hidrotexniki qurğu mütəmadi yoxlanışdan keçirilir.
Cari ildə idarə tərəfindən 1800 hektar taxıl, 20 hektar pambıq, 10 hektar şəkər çuğunduru, 101 hektar qarğıdalı, 20 hektar darı və sorqo, 2007 hektar yem bitkiləri, 27 hektar tut bağları və 665 hektar həyətyanı sahələrin suvarılması təmin edilib.
İdarədən verilən məlumata görə, cari ildə rayonun əsas su qurğularından biri olan 2 saylı nasos stansiyasında təzyiq hovuzuna gedən daşıyıcı borularda əsaslı təmir aparılıb. Belə ki, Prezidentin sərəncamına əsasən ayrılan vəsait hesabına Cəbrayıl rayonu məcburi köçkün şəhərciyi ərazisində 1650 metr uzunluğunda koroziyaya məruz qalan dəmir borular çıxarılaraq polietilen borularla əvəzlənib. Görülən iş hesabına 240 hektar sahənin suvarılması daha da yaxşılaşıb.
Hər il olduğu kimi, bu il də sentyabr ayında nasos stansiyası aqreqatlarının işçi hissələri yenisi ilə əvəz olunub. Görülən işlər zamanı 21 kilometr suvarma kanalı və 38,5 kilometr kollektor lildən təmizlənib, 36 ədəd hidrotexniki qurğu cari təmir olunub.