CƏMİYYƏT
Cəlilabad rayon sakinin evindən oğurluq edilib
Bakı, 20 avqust, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən rayon sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad rayonunun Ağdaş kənd sakini olan bir qadın rayon polis şöbəsinin Göytəpə polis bölməsinə müraciət edərək yaşadığı evdən ümumilikdə 7800 manat dəyərində bir televizor, 4 xalça, elektrik generatoru, qaz sobası, elektrik mişarı və digər məişət əşyalarının oğurlandığını bildirib.
Oğurluğu törətməkdə şübhəli bilinən şəxslər Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Cəlilabad rayonunun Ağdaş kənd sakini Mehti Niftullayev və Cürzəli kənd sakini, əvvəllər məhkum edilmiş Əyyub Qarayev olduqları müəyyən edilib. Oğurlanan məişət əşyalarının bir qismi aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.