REGİONLAR


Cəlilabadda “Alimlər fermerlərin yanında” layihəsinin icrası davam etdirilir

Bakı, 23 yanvar, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə icra olunan “Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri respublikamızın cənub bölgəsində həyata keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisindəki taxıl sahələrində yayılmış “haf” zərərvericisinə qarşı dronlar vasitəsilə mübarizə tədbirləri aparılıb. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, bölgə fermerləri, fitopatoloqlar, aqrokimyaçılar, entomoloqlar və becərmə texnologiyası üzrə kadrlardan ibarət tədqiqat qrupu iştirak edib.

Sahə nümayişi çərçivəsində mobil mini laboratoriyadan istifadə etməklə topraqda NPK-nın (azot, fosfor, kalium), eləcə də PH-ın miqdarı mütəxəssislər tərəfindən yerindəcə təyin edilib və nəticəyə uyğun olaraq gübrə dozası müəyyənləşdirilərək fermerə təqdim olunub.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, direktor müavinləri Fərman Kərimov, Əkbər Abbasov, şöbə müdiri Cavanşir Təlai bildiriblər ki, layihənin əsas məqsədi nazirliyin öz fəaliyyətində əsas götürdüyü fermerə yaxınlıq prinsipinin reallaşmasına dəstək göstərmək, torpaq adamlarının məsləhət-informasiya xidmətinə olan ehtiyacının təmin olunması məqsədilə elm adamları ilə onlar arasında münasibətlər yaratmaq, birbaşa təsərrüfatlara səfər edərək aqrotexniki qulluq, bitki mühafizə, zootexniki, baytarlıq və digər sahələr üzrə tədbirlərin həyata keçirilməsində kömək göstərməkdir.

Layihənin əsas iştirakçıları Aqrar Elm və İnnovasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 elmi-tədqiqat institutunun, 48 təcrübə stansiyasının və 9 regional aqrar elm və innovasiya mərkəzinin əməkdaşlarıdır.

Layihə çərçivəsində mövsümə uyğun olaraq digər bölgələrdə də kənd təsərrüfatı məhsul istehsalçıları üçün tarla seminarlarının keçirilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.