REGİONLAR
Cəlilabadda Azərbaycan ədliyyəsinin keçdiyi şərəfli yola nəzər salınıb
Cəlilabad, 22 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 22-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ədliyyə işçilərinin peşə bayramı qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun ədliyyə işçilərini əlamətdar gün münasibətilə təbrik edib. Qeyd olunub ki, zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 99 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atır.
Bildirilib ki, dövlətimizin başçısı tərəfindən ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə mühüm dəyişikliklərin edilməsi, həmçinin fərqlənmiş bir qrup ədliyyə işçisinin dövlət təltiflərinə layiq görülməsi ədliyyə sisteminə göstərilən diqqət və qayğının təzahürüdür.
Tədbirdə çıxış edən Cəlilabad Rayon Məhkəməsinin sədri Vüsal Cəbrayılov əsrə yaxın şanlı tarixi olan Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.
V.Cəbrayılov çıxışında, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin davamlı tərəqqisinin, sabitliyinin və təhlükəsizliyinin təmin olunduğunu vurğulayaraq, ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatları diqqətə çatdırıb.