REGİONLAR
Cəlilabadın pərakəndə əmtəə dövriyyəsinin həcmi artıb
Bakı, 1 avqust, AZƏRTAC
2022-ci ilin yanvar-iyun aylarında pandemiyanın təsirlərinin azalması ilə əlaqədar Cəlilabadın əmtəə dövriyyəsində artım müşahidə olunub.
Cəlilabad Statistika Şöbəsindən AZƏRTAC-a bildirilib ki, pərakəndə əmtəə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,4 faiz artaraq 254894,4 min manat təşkil edib. Hesabat dövründə topdansatış əmtəə dövriyyəsi 6354,2 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,6 faiz artım deməkdir. 2022-ci ilin yanvar-iyun aylarında pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 138314,3 min manatını ərzaq malları, içkilər və tütün məmulatları, 116580,1 min manatını isə qeyri-ərzaq malları təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ərzaq malları, içkilər və tütün məmulatlarının satışı 13,6 faiz azalıb, qeyri-ərzaq mallarının satışı isə 25 faiz artıb. 2022-ci ilin yanvar-iyun aylarında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bazar və yarmarkalarda istehlak məhsullarının və hüquqi şəxslər üzrə istehlak bazarının satışında, həmçinin hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət şəbəkələrindəki satışlarda artım müşahidə olunub.