REGİONLAR


Cəlilabadlı fermerlər Rusiya bazarlarına hər gün təxminən 400-500 ton məhsul göndərirlər FOTO VİDEO

Cəlilabad, 4 iyun, İsmayıl Cəfərli, AZƏRTAC 

Cəlilabadda kartofun kütləvi yığımı davam edir. Builki məhsuldarlıq fermerlərin ürəyincədir. Tədarük edilən kartofun hər gün təxminən 400-500 tonu Rusiya bazarlarına göndərilir.

AZƏRTAC xəbər verir ki, rayonda yazlıq məhsul üçün əkilən 5300 hektara yaxın kartof sahəsinin bu günədək 70 faizində yığım başa çatıb. Vegetasiya müddəti başa çatmayan sahələrdə isə son suvarma işləri görülür. Hazırda hər hektardan 27-28 ton kartof götürən fermerlər məhsuldarlıqdan razıdırlar.

Uzun illərdir kartofçuluq sahəsində çalışan rayonun Ocaqlı kənd sakini, fermer Nizami Məmmədovun sözlərinə görə, bu il daxili bazarla yanaşı, xaricə də göndərmək üçün bol məhsul var: “15 gündür ki, Rusiya bazarlarına, Ukrayna, Gürcüstan və Bakıya kartof göndəririk. Sahələrdə bol məhsul var. Pandemiya dövrünə baxmayaraq, karantin rejiminin tələbləri gözlənilir, işçilər ara məsafələri saxlayır, tibbi maskalardan istifadə edirlər. Heç bir problemimiz yoxdur”.

Fermerlər bildirirlər ki, istehsal olunan məhsulun 80 faizə yaxını Rusiya bazarlarına göndərilir. Mövsüm başlanandan bəri xaricə 35 min tona yaxın Cəlilabad kartofu çıxarılıb.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun baş məsləhətçisi Mübariz Nadirov qeyd edib ki, hələ vegetasiya dövrünü başa vurmamış kartof sahələri var: “Kartofun qiyməti 70-80 qəpik arasında dəyişir. Məhsul bolluğu bu gün fermerləri qane edir. Hər hektardan 30 tonadək məhsul götürülür ki, bu da, ona çəkilən xərci ödəməklə yanaşı, əlavə qazanc əldə etməyə imkan verir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.