REGİONLAR
Cəlilabadlı gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanıblar
Cəlilabad, 9 yanvar, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına müvafiq olaraq cəlilabadlı gənclər yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, çağırışçılar və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov Azərbaycan Ordusunun ən müasir hərbi texnika və silahlarla təchiz edildiyini vurğulayaraq, işğal olunmuş torpaqlarımızın tezliklə azad olunacağına əminliyini bildirib.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mansur Məmmədov çıxışında hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu deyərək, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyi tövsiyə edib.
Tədbirdə çıxış edən Qarabağ döyüşlərində böyük şücaət göstərmiş Maşallah Əliyev və valideynlər gənclərə hərbi xidmətdə uğur arzulayıblar.
Mərasim konsert proqramı ilə davam edib.
Çağırışçı gənclər üçrəngli Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola düşüblər.