REGİONLAR
Cəlilabadlılar: 20 Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi yaşayacaq
Cəlilabad, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 20-də Cəlilabad şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən mərasimdə şəhidlərin xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların işçiləri, ictimaiyyətin nümayəndələri Cəlilabad şəhərinin mərkəzindəki Şəhidlər xiyabanını ziyarət edərək, şəhid rəsmlərinin həkk olunduğu mərmər lövhələrin önünə tər qərənfillər düzüblər.
Anım tədbirində şəhidlərin ruhuna dualar oxunub.
Heydər Əliyev Mərkəzində davam edən anım tədbirində tədbir iştirakçıları 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.
Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Mərasimdə qeyd olunub ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin soyuq qış gecəsində imperiya ordusunun vəhşiliyi nəticəsində 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Öldürülənlər arasında 5 millətin nümayəndəsi, 20-dən çox qadın, uşaq var idi.
Diqqətə çatdırılıb ki, o zaman ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir.
Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıdışdan sonra 1994-cü ilin yanvar ayında Milli Məclisdə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi.
Qeyd olunub ki, ölkəmizdə 20 Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da Azərbaycan Prezidentinin Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
Dövlət başçısının Şəhidlər xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı Sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi.
20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı oldu.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.