CƏMİYYƏT
Cenevrədə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib
Cenevrə, 11 may, AZƏRTAC
Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, həyatını müstəqil Azərbaycan dövlətinin yaradılması və inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edən daimi nümayəndə səfir Qalib İsrafilov, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizi zamanın sərt və ağır sınaqlardan çıxardığını, xalqın ictimai-siyasi, eyni zamanda, mədəni həyatının bütün sahələrində dirçəliş baş verdiyini vurğulayıb.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə mayın 10-da daimi nümayəndəliyin dəstəyi ilə Cenevrə İslam Mədəni Fondunun nəzdində fəaliyyət göstərən məsciddə “Xaricdə akademik təhsil alan Azərbaycanlılar” Assosiasiyası (Azerbaijani Academics Abroad) tərəfindən Cenevrədə məskunlaşan qaçqınlara, yoxsul və ehtiyacı olanlara ehsan verilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə