DÜNYA
Cənubi Koreyada "omikron" ştamına ilk şübhəli yoluxmalar qeydə alınıb
Pekin, 1 dekabr, AZƏRTAC
Cənubi Koreyada COVID-19 virusunun "omikron" ştamına ilk şübhəli yoluxmalar qeydə alınıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, səhiyyə qurumları bu yaxınlarda Nigeriyadan qayıdan cütlüyün testlərinin cavabının müsbət olduğunu, hazırda mütəxəssislərin həmin cütlüyün yaxma nümunələrinin genetik ardıcıllığını təyin etdiyini açıqlayıb. Yoluxmanın "omikron" ştamı ilə bağlı olub-olmaması mütəxəssislərin cavabı sayəsində bilinəcək.
Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi həmin cütlüyün yeniyetmə yaşyarında olan övladının və onlarla yaxın təmasda olan bir tanışının da koronavirus testinin nəticəsinin müsbət çıxdığını açıqlayıb. Hazırda səlahiyyətli qurumlar cütlüyün Nigeriyadan Seula gəldiyi təyyarədə olan digər sərnişinlərin tapılaraq, tibbi nəzarətə cəlb olunması üçün çalışır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının narahatlıq doğuran ştam kimi qiymətləndirdiyi "omikron"a görə Cənubi Koreya qabaqlayıcı tədbirlərə başlayıb. Noyabrın 28-dən etibarən Cənubi Afrika Respublikası, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malavi vətəndaşlarının Cənubi Koreyaya girişinə və bu dövlətlərin vətəndaşlarına viza rəsmiləşdirilməsinə məhdudiyyət tətbiq olunur. Çox vacib məqsədlər üçün ölkəyə girişinə icazə verilən şəxslər isə müəyyən edilmiş yerlərdə 10 gün məcburi karantinə cəlb olunacaq. Həmin şəxslər bu müddətdə 3 dəfə test verməlidirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin