DÜNYA
Cənubi Koreyada dəmir yolu işçiləri 72 saatlıq tətilə başlayıb
Pekin, 11 oktyabr, AZƏRTAC
Cənubi Koreyada dəmir yolu işçiləri iş şəraitinin yaxşılaşdırılması tələbi ilə 72 saatlıq əmək tətilinə başlayıblar.
AZƏRTAC Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, tətilin dəmir yolu ilə sərnişin və yük daşınmasına böyük dərəcədə mənfi təsir göstərəcəyi güman olunur. Bura şəhərlərarası dəmir yolu nəqliyyatı və sürətli sərnişin qatarlarının hərəkəti də daxildir. Bəzi istiqamətlərdə cədvəl üzrə nəzərdə tutulan qatarların yarıdan da azı xəttə çıxacaq. Nazirlik tətilin mənfi təsirini azaltmaq üçün müvafiq işlər görür. "Koreya Dəmir Yolları" qatarla səyahət etmək istəyən sərnişinlərə avtobuslardan istifadəni tövsiyə edib.
Qeyd edək ki, dəmir yolu işçilərinin oktyabrın 11-də yerli vaxtla səhər saat 9:00-da başlayan tətilinin oktyabrın 14-ü səhər saatlarınadək davam edəcəyi planlaşdırılıb. Bu, Cənubi Koreyada dəmir yolçuların 2016-cı ildə 74 günlük tətilindən sonra ən böyük analoji aksiyadır. Təxminən 19 min üzvü olan dəmir yolu işçilərinin həmkarlar komitəsi əmək haqlarının 4 faiz yüksəldilməsini və əlavə ödənişlərin normallaşdırılmasını tələb edir. Bundan başqa, dəmir yolçular yeni əməkdaşların işə qəbulu sayəsində iş saatlarının azaldılmasına da nail olmaq istəyirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin