DÜNYA
Cənubi Koreyada koronavirusa sutkalıq yoluxma sayı ilk dəfə 3 mini ötüb
Pekin, 25 sentyabr, AZƏRTAC
COVID-19 pandemiyasının 4-cü dalğasının müşahidə olunduğu Cənubi Koreyada ötən sutka virusa yoluxma sayında antirekord qeydə alınıb.
AZƏRTAC Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına istinadla xəbər verir ki, ötən gün ölkədə 3 min 273 nəfərin virusa yoluxduğu aşkarlanıb. Bundan əvvəlki antirekord isə (2 min 431) ötən gün qeydə alınmışdı.
Mütəxəssislər Cənubi Koreyada sutkalıq yoluxma sayının son günlər belə sürətlə çoxalmasının ənənəvi məhsul bayramı olan Çhusok ilə əlaqədar ölkədaxili səyahətlərin və bayram şənliklərinin çoxalması, yaxın qohumların toplaşması ilə bağlı olduğunu bildirirlər. Güman olunur ki, qarşıdakı bir neçə gündə də sutkalıq yoluxma sayı 3 mindən çox olacaq.
Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi əhalini qarşıdakı 2 həftə ərzində kütləvi toplaşmalardan uzaq olmağa çağırıb. Hökumət bir müddət əvvəl elan etmişdi ki, pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejimini oktyabrda xeyli dərəcədə yumşaldacaq. Amma son günlər qeydə alınan yoluxma sayının hökumətin həmin planına təsirsiz ötüşməyəcəyi şübhəsizdir.
Ümumiyyətlə, son 81 gün ərzində Cənubi Koreyada sutkalıq yoluxma sayı 1000-dən çox olub. Bunun COVID-19 virusunun “delta” ştamının ölkədə yayılması ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, Cənubi Koreyada COVID-19 virusu əleyhinə vaksinasiya da davam edir. İndiyədək 37,8 milyon nəfər (ölkə əhalisinin 74 faizi) peyvəndin birinci dozasını, 45 faizi isə ikinci dozanı qəbul edib. Vaksinasiyada ikidozalı “AstraZeneca”, “Pfizer” və “Moderna”, habelə birdozalı “Janssen” vaksinlərindən istifadə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin