REGİONLAR
Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndələri Bakı Mühəndislik Universitetdə olublar
Xırdalan, 21 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YT Park) və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) birgə keçirdiyi “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsində iştirak edən nümayəndə heyəti Bakı Mühəndislik Universitetdə olub.
AZƏRTAC xəbər verir ki, qonaqlarla görüşən BMU-nun rektoru, professor Havar Məmmədov ali məktəbin fəaliyyəti, nailiyyətləri və hədəfləri haqqında ətraflı məlumat verib. Universitetin “Sahibkar universitet” modelində inkişaf etdirilməsinə əhəmiyyət verildiyini qeyd edən rektor bu sahədə Cənubi Koreyanın təcrübəsindən istifadə edilməsinin vacibliyini bildirib və bu ölkənin Elm və Texnologiya Siyasəti İnstitutu ilə əməkdaşlığı yüksək qiymətləndirib.
Cənubi Koreya universitetləri ilə münasibətlərdən bəhs edən H.Məmmədov BMU-nun “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsində iştirakından müsbət nəticələr gözlədiyini vurğulayıb.
Daha sonra STEPİ-nin Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri - təlimlər qrupunun rəhbəri Eun Yo Kim, layihənin əlaqələndiricisi So Hyun Kvon və Hanbat Universitetinin professoru Yonq İn Çoi Azərbaycanda texnologiya transferi ekosisteminin hazırkı statusunun qiymətləndirilməsi, bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığın müzakirəsi, eləcə də texnologiya transferi, elmin kommersiyalaşdırılması sahəsində Cənubi Koreya təcrübəsi və layihənin mümkün perspektivləri haqqında məlumat veriblər.
Qeyd olunub ki, Azərbaycanda da innovasiya ekosisteminin inkişafı üçün mövcud vəziyyətin hazırkı statusunun qiymətləndirilməsi və bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığın müzakirəsi vacibdir.
Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub.
Görüşdən sonra nümayəndə heyəti universitetin elmi-tədqiqat resursları və texnoparkı ilə yaxından tanış olublar.