İQTİSADİYYAT
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə işlərin 96 faizi görülüb
Bakı, 17 avqust, AZƏRTAC
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə işlərin 96 faizi görülüb.
“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, bu ilin birinci yarısında CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Ümumilikdə bu işlərin – tikinti və istismar sınaqları daxil olmaqla, 96 faizi artıq tamamlanıb.
Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib. Təqribən 370 kilometr uzunluğunda borular artıq qaynaq edilib və 263 kilometr boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb - beşinci üfüqi qazma bu ilin aprel ayında başa çatıb.
Gürcüstan ərazisində kəmər xəttinin inşası üzrə tikinti işləri artıq bitib. 62 kilometr uzunluğunda borular qaynaq edilib, örtüklənib, xəndəyə endirilib və üstü örtülüb.
Həm Azərbaycanda, həm də Gürcüstanda boru kəmərinin hidro-sınaqları aparılır. Azərbaycanda 5, Gürcüstanda isə 11 hidro-sınaq bölməsində işlər bitib.
Gürcüstanda hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edir. Birinci kompressor stansiyasında işlər təqribən 99 faiz, ikincində isə 82 faiz tamamlanıb. Hər iki kompressor stansiyası 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) isə işlər 98 faiz tamamlanıb və bu stansiyanın bu il təhvil verilməsi planlaşdırılır.