CƏMİYYƏT
“Cırtdan nağıllar aləmində” meqaşousundan əldə olunan gəlirin rəmzi qəbzi Talassemiya Mərkəzinə təqdim edilib
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 4-də “Cırtdan nağıllar aləmində” meqaşousundan əldə olunan gəlirin rəmzi qəbzi Talassemiya Mərkəzinə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, rəmzi qəbz Talassemiya Mərkəzində “Cırtdan nağıllar aləmində” meqaşousunun nəticələrinə həsr olunmuş mətbuat konfransına təqdim olunub. Talassemiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Ramin Bayramlı ötən il dekabrın 15-də Bakı Konqres Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Cırtdan nağıllar aləmində” meqaşousunun premyerasının keçirildiyini deyib: “Həmin şouda xüsusi dəvətnamələrlə Talassemiya Mərkəzində müalicə alan 500-dən çox xəstə və onların ailə üzvləri, o cümlədən mərkəzin əməkdaşları iştirak ediblər. Uşaqların və valideynlərin qəlbində yer alan bu bənzərsiz şou tək unikal süjeti ilə deyil, həmçinin interaktiv quruluşu ilə də tamaşaçıların ürəklərini fəth edib. Xeyriyyə məqsədilə keçirilən tədbirin gəlirləri Talassemiya Mərkəzinin hesabına köçürüləcək. Həmin vəsaitlə yeni dərman preparatları və sistemlər alınacaq. Bu xeyirxah təşəbbüsdə əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm”.
Çıxış edən Bakı Konqres Mərkəzinin direktoru Ramin Qazızadə, meqaşounun rejissoru İlham Qasımov layihənin Heydər Əliyev Fondunun xüsusi qayğıya ehtiyacı olan insanlara dəstəyinin, o cümlədən uşaqların sağlamlığının bərpası istiqamətində həyata keçirilən ardıcıl səylərinin daha bir nümunəsi olduğunu qeyd ediblər. Bildirilib ki, meqaşouda 40 mindən çox tamaşaçı iştirak edib və 397 min manat gəlir əldə olunub. Növbəti belə şounun Novruz bayramı ərəfəsində keçirilməsinin nəzərdə tutulduğu da diqqətə çatdırılıb.
Cırtdan rolunu canlandıran aktyor İbrahim Süleymanlı əldə edilən məbləğin xəstə uşaqların müalicəsinə sərf olunmasından məmnun olduğunu bildirib.
Sonra şoudan əldə olunan gəlirin rəmzi qəbzi Talassemiya Mərkəzinə təqdim edilib.
Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.