ELM VƏ TƏHSİL
Coğrafi informasiya sistemləri üzrə təlimlərə yekun vurulub
Bakı, 21 oktyabr, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərə yekun vurulub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iki həftə davam edən təlimləri Avstraliyanın Macquarie Universitetinin müəllimi professor Əli Əkbər Rəsuli və Cenevrə Universitetinin CİS üzrə aparıcı mütəxəssisi Yanis Guigoz aparıblar.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov professor Əli Rəsulinin işə böyük məsuliyyətlə yanaşdığını, təlimləri yeni proqramlar üzərində qurduğunu xüsusi vurğulayıb. Qeyd edib ki, bu proqram təminatları əsasında ölkəmiz haqqında daha dəqiq və dolğun məlumat əldə etmək mümkündür. Gələcəkdə CİS proqramlarının daha geniş auditoriyada təqdim olunması üçün imkan yaradılacaq.
Professor Əli Rəsuli treninqlərdə peyk təsvirlərinin emalında “Erdas Imagine” ilə yanaşı, ENVI proqram təminatından da istifadə qaydalarının öyrədiləcəyini bildirib.
Təlimlərdə AMEA-nın Coğrafiya, Neft və Qaz, Zoologiya, Geofizika və Geologiya institutları, Respublika Seysmoloji Xidməti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının elmi işçi və müəllim heyəti iştirak edib.
Sonda təlim iştirakçılarına sertifikat təqdim edilib.