İDMAN
Cüdoçularımız Avropa kuboku yarışlarında iki medal qazanıblar VİDEO
Bakı, 29 fevral, AZƏRTAC
Praqada keçirilən cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub. Yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, cüdoçularımız yığma komandamızın aktivinə iki medal yazdırmağı bacarıblar.
AZƏRTAC xəbər verir ki, Məmmədəli Mehdiyev (90 kq) yarımfinala gedən yolda hollandiyalı Riko Harder, finlandiyalı Samuli Vitanen və litvalı Karolis Bauzanı məğlub edib. Yarımfinalda polşalı cüdoçu Patrik Çexomski üzərində təmiz qələbə qazanaraq finala çıxıb. Həlledici görüşdə İspaniya təmsilçisi David Ruisidən güclü olan M.Mehdiyev Avropa kubokunun qızıl medalını qazanıb.
Turnirdə 100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri isə yarışa Qazaxıstan təmsilçisi Dauren Nuralinov üzərində təmiz qələbə ilə başlayıb. Daha sonra dörddəbir finalda monqolustanlı Temulen Battulqaya uduzaraq təsəlliverici görüşlərə qatılıb. İlk qarşılaşmada fransalı Həmzə Ouçaniyə qalib gəlib. İkinci görüşündə ukraynalı cüdoçu Andri Kolesnikdən üstün olaraq mötəbər turnirin bürünc medalını qazanıb.
Digər cüdoçularımız - Ziya Namazov (81 kq) və Ramin Qurbanov (90 kq) mübarizəni erkən dayandırıblar.