SİYASƏT
DAĞLIQ QARABAĞ ÜZRƏ MƏRUZƏÇİNİN MƏLUMATI DİNLƏNİLMİŞDİR
İclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi Terri Devisin məlumatı dinlənilmişdir. O, məsələ ilə bağlı məruzənin mətninin hələlik hazır olmadığını bildirmişdir. T.Devis hazırlayacağı mətnlə bağlı həm Azərbaycan, həm də Ermənistan tərəfinin fikirlərini öyrəndikdən və irəli sürüləcək iradlarla bağlı düzəlişlər etdikdən sonra məruzənin müzakirəyə çıxarılacağını açıqlamışdır.
Buna görə də AŞPA-nın iyun sessiyası zamanı Siyasi Komitənin iclasında Terri Devis məruzə ətrafında növbəti dəfə ətraflı çıxış edəcək və hər iki tərəfin bu çıxışa münasibətini öyrənəcəkdir.
İngiltərəli deputat çıxışının sonunda ilk vaxtlar məruzə ilə bağlı məlumatlar toplayarkən çox bədbin əhval-ruhiyyədə olduğunu etiraf etmiş, amma son zamanlar Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Robert Koçaryanla Polşanın paytaxtı Varşavadakı görüşünün, hər iki ölkənin xarici işlər nazirlərinin üç dəfə görüşməsinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərkibindəki dəyişikliklərin onda münaqişənin həlli yolunda müəyyən irəliləyişlər yaranacağına inam hissi oyatdığını bildirmişdir.
Bir məsələni xüsusi qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin AŞPA-da müzakirəsi gündəlikdə qalır. Azərbaycan tərəfi bu məsələdə israrlıdır və onun AŞPA sessiyasında tezliklə müzakirə edilməsinə nail olacaqdır.