İQTİSADİYYAT
DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimi açan nazir, general-polkovnik Ramil Usubov erməni millətçilərinin xalqımıza qarşı soyqırımı və təcavüz siyasətinin iki əsrə yaxın tarixi olduğunu, bunun nəticələrinin indi də yüz minlərlə soydaşımızın taleyində özünü göstərdiyini bildirmişdir. Nazir demişdir ki, uzun illər bu faciəli tarix xalqdan gizlədilmiş, təhrif olunmuşdur. Yalnız ulu öndər Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmanla bu hadisələrə obyektiv siyasi-hüquqi qiymət verilmiş, 31 Mart - azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Xaqani Məmmədov erməni millətçilərinin xalqımıza qarşı soyqırımı və təcavüz siyasətinin tarixi barədə ətraflı söhbət açmışdır. Eyni zamanda, hazırda Prezident İlham Əliyevin Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli istiqamətində apardığı daxili və xarici siyasətin öz bəhrəsini verəcəyinə əmin olduğunu bildirmişdir.
Tədbirə yekun vuran daxili işlər naziri Ramil Usubov demişdir ki, daim qonşuların torpaqlarına göz dikən erməni millətçilərinin məkrli təbliğatına və siyasətinə cavab verməyin ən yaxşı çıxış yolu Azərbaycanı güclü və qüdrətli dövlətə çevirməkdir. Dövlətimizin başçısının iqtisadi siyasəti məhz buna yönəldilmişdir və bu yolda uğurlarımız göz qabağındadır.