CƏMİYYƏT


DMT: Şimal yarımkürəsi bütövlükdə planetlə müqayisədə daha sürətlə qızır

Bakı, 13 iyul, AZƏRTAC

Dünya Meteorologiya Təşkilatının (DMT) məlumatına görə, “Kopernik” layihəsinin Avropa atmosferin monitorinqi xidməti bu il iyunun əvvəlindən Arktika dairəsində 100-ə yaxın intensiv və davamlı meşə yanğınını qeydə alıb. Bir ay ərzində atmosferə 500 meqaton karbon-dioksid buraxılıb. Bu, əvvəlki 8 il ərzində müvafiq dövrün toplam göstəricidən çoxdur. Daha bir müqayisə: İsveçdə bu qədər zərərli tullantı bir il ərzində yaranır.

AZƏRTAC DMT-yə istinadla xəbər verir ki, may-oktyabr aylarında Şimal yarımkürəsində meşə yanğınları nadir hadisə deyil, lakin bu il belə yanğınların daha intensiv və sürəkli olması ekspertləri ciddi narahat edir. Bu il Alyaskada və Sibirdə baş verən yanğınlar bəzi hallarda futbol meydanından 100 min dəfə artıq ərazini əhatə edir. Bu il təkcə Alyaskada 400 min meşə yanğını qeydə alınıb. Orada yanğınlar hər il yeni sahələri bürüyür.

Sibirin bəzi rayonlarında havanın temperaturu 1981-2010-cu illər üzrə orta göstəricidən 10 dərəcə yüksəkdir. İyulun 4-də Alyaskada temperatur bütün rekordları geridə qoyaraq 32 dərəcədən yuxarı olub. Qızmar hava yeni yanğın mənbələri əmələ gəlməsinə şərait yaradıb.

Arktikanın təbiəti iqlim dəyişmələri qarşısında xüsusilə köməksiz vəziyyətdədir. Qar və ya buz örtüyünün üstünə düşən kül günəş işığını udur, bu da öz növbəsində istiləşmənin sürətlənməsinə şərait yaradır. Arktikada yanğınlar əbədi buzlaqların əriməsinə və metan parnik qazı ayrılmasına gətirib çıxarır.

Alimlər onu da bildirirlər ki, Şimal yarımkürəsi bütövlükdə planetlə müqayisədə daha sürətlə qızır.

Birləşmiş Ştatlarda aprel-iyun aylarında yağıntıların miqdarı rekord səviyyəyə çatıb. Missisipi, Missuri və İllinoys ştatlarında sürəkli daşqınlar müşahidə olunur. Gözlənildiyinə görə, iyulun 13-də Barri tropik qasırğası ABŞ sahillərinə çatacaq. Güclü külək və sürəkli yağışlarla müşayiət olunan bu qasırğa çox ləng hərəkət edir. Alimlərin fikrincə, bu deməkdir ki, yağıntılar xüsusilə bol olacaq. Beləliklə, hündürlüyü 1,8 metrə çata biləcək daşqınlar gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.