CƏMİYYƏT
DOST könüllüləri tənha yaşlılara sosial məişət xidmətlərinin göstərilməsində yaxından iştirak edirlər
Bakı, 27 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçilərinin yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara evlərində sosial məişət xidmətlərinin göstərməsi işlərində DOST könüllüləri də yaxından iştirak edirlər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Könüllü DOST” proqramının 30 könüllüsü sosial xidmətçilərlə birgə tənha yaşlılara evlərində ehtiyac duyduqları sosial məişət xidmətlərinin göstərilməsində dəstək olurlar.
Bu xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, tənha yaşlılara əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərilməsi daxildir. Sosial xidmətçilər kimi, DOST könüllüləri də lazımi qoruyucu vasitələrlə təmin olunublar.
“Könüllü DOST” proqramı bununla ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması tədbirlərinə, yaşlı insanların infeksiyadan qorunması, ahıl vətəndaşlara hörmət və qayğı ilə yanaşılması istiqamətində aparılan işlərə öz dəstəklərini ifadə edirlər.