DÜNYA
DÖVLƏT DUMASI RUSİYADA PREZİDENT SEÇKİLƏRİ HAQQINDA QANUNUN YENİ REDAKSİYASINI MÜZAKİRƏ EDƏCƏKDİR
Dövlət Duması Rusiya Federasiyasında Prezident seçkiləri haqqında qanunun yeni redaksiyasına əlavə ümumi iclasda baxacaqdır. Bu qərarı Duma Şurası qəbul etmişdir.
Qanunun Mərkəzi Seçki Komissiyası tərəfindən işlənib hazırlanmış yeni redaksiyasına görə, azı 500 nəfərdən ibarət təşəbbüs qrupunun dəstəyini alan hər bir Rusiya vətəndaşı ölkə prezidentliyinə öz namizədliyini müstəqil surətdə irəli sürə bilər. Əgər namizədi seçki bloku irəli sürürsə, bu halda onun tərkibinə, heç olmasa, bir siyasi partiya daxil olmalıdır, əks təqdirdə, bu seçki birliyinin öz namizədini göstərmək hüququ olmayacaqdır. Seçki kampaniyası dövründə namizədin qeydiyyatının ləğvi haqqında qərarı ancaq məhkəmə qəbul edə bilər.
Bundan əlavə, yeni müddəalarda partiyanın və ya seçki blokunun öz namizədinin dəstəklənməsi üçün toplamalı olduğu imzaların sayını da artırmaq nəzərdə tutulur. İmzaların sayı, indi qüvvədə olan qanundakı kimi, 1 milyon deyil, 2 miilyon olmalıdır. Özü də Federasiyanın bir subyektində 50 mindən artıq (hazırda redaksiyada 70 mindən çox) imza toplamaq olmaz. Ümumiyətlə, partiya və seçki bloklarından Dövlət Dumasına seçilmiş, yəni prezident seçkiləri ərəfəsində ən yaxın parlament seçkilərində 5 faizlik səddi dəf etmiş namizədlər imza toplamaqdan azaddırlar. Bundan əlavə, prezidentliyə namizədin seçkiqabağı kampaniya üçün xərclərinin son həddi beş dəfə - 30 milyon rubldan 150 milyon rubladək artırılmışdır.
İTAR-TASS xəbər verir ki, qanun layihəsi mövcud majoritar seçki sistemini qüvvədə saxlayır. Bu sistemə uyğun olaraq, Rusiya Federasiyası prezidentinin seçkiləri iki turda keçirilə bilər.