CƏMİYYƏT


DST Qazaxıstan sakinlərini duz istehlakını azaltmağa çağırır

Bakı, 11 mart, AZƏRTAC

Mərkəzi Asiya ölkələrində meyvə-tərəvəzdən başlamış ət, bişinti və digər kulinariya məhsullarına qədər müxtəlif təamlar təklif edilən ənənəvi ərzaq bazarları və ticarət köşkləri çox populyardır. Bu yaxınlarda Qazaxıstanda aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, küçələrdə satılan yeməklərin çoxunun tərkibində yüksək miqdarda zərərli piylər və duz olur.

AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, son illərdə Dünya Səhiyyə Təşkilatının (DST) dəstəyi ilə Qazaxıstanda üç araşdırma aparılıb. Bu tədqiqatların gedişində müəyyən edilib ki, ölkədə duz istehlakı dünyada ən yüksək göstəricilər səviyyəsindədir: burada hər sakin orta hesabla gündə təqribən 17 qram duz istehlak edir, bu isə DST tərəfindən tövsiyə edilmiş maksimum normadan dörd dəfə çoxdur. Tədqiqatın nəticələri bu il fevralın axırlarında Qazaxıstan Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş tədbirdə elan edilib.

Qazaxıstanda duz istehlakının yüksək səviyyədə olması həm tarixi, həm də müasir ənənələrlə bağlıdır. Əvvəllər insanlar duzdan qida məhsullarının, xüsusən ətin və kolbasanın, habelə ağartı məhsullarının saxlama müddətini artırmaq üçün istifadə edirdilər. Araşdırma nəticəsində məlum olub ki, Mərkəzi Asiyada tərkibində duz çox olan ənənəvi yeməklər hazırlanması meyli hələ də davam edir, emal edilmiş qida məhsulları yaranandan sonra isə bu vəziyyət daha da kəskinləşib.

DST-nin Avropa bürosunda xatırladıblar ki, qida məhsullarının tərkibindəki zərərli komponentlər xroniki xəstəliklərin artmasına gətirib çıxarır.

Həkimlər xəbərdarlıq edirlər ki, əgər Qazaxıstan sakinləri sağlam qidalanma, xüsusən duz istehlakı barədə tövsiyələrə əməl etməsələr, bu, ürək-damar xəstəliklərinin, piylənmə, ikinci tip diabet və onkoloji xəstəliklərin artması ilə nəticələnə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.