CƏMİYYƏT
DSX: Azərbaycandan Gürcüstana keçmək istəyən 14 nəfər sərhəd pozucusu qismində saxlanılıb
Bakı, 11 avqust, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin toxunulmazlığının təmin olunması istiqamətində tədbirləri uğurla davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, avqustun 10-da saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində naməlum şəxslərin hərəkəti sərhəd naryadı tərəfindən aşkarlanıb.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan!” əmri verilib. Nəticədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.
Saxlanılmış şəxslərin Ağstafa rayon sakinləri olmaları müəyyən edilib. Onlardan 7-si azyaşlı olması nəzərə alınaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya təhvil verilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.