CƏMİYYƏT
DSX: İrandan Azərbaycana narkotik vasitələr keçirməyə cəhd edən şəxslər saxlanılıblar
Bakı, 11 oktyabr, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 4-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala-Bəhmənli kəndindəki sərhəd zastavasının xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Sabirabad rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Hüseyn Bəybala oğlu və Gürcüstan vətəndaşı 1995-ci il təvəllüdlü Əliyev Anar Tengiz oğlu İran İslam Respublikasından Azərbaycan Respublikasına dövlət sərhədindən keçirilmiş 725 qram heroinlə saxlanılıblar.
Fakt üzrə keçirilmiş sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin digər iştirakçısı, hadisə yerindən qaçmış Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Həziyev Rahib Ramiq oğlu müəyyənləşdirilərək saxlanılıb və istintaqa cəlb olunub.
Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.