CƏMİYYƏT
DSX: Xəzər dənizində batma təhlükəsi ilə üzləşən iki nəfər sərhədçilər tərəfindən xilas edilib
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 4-də saat 17:45-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş komanda idarəetmə mərkəzinə “Abşeron Milli Parkı”nın Şahdili burnu ərazisində iki nəfərin dənizdə batma təhlükəsi barədə məlumat daxil olub.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, qısa müddətdə Sahil Mühafizəsinin xidmətdə olan “Şahdağ” sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilərək xilasetmə əməliyyatına cəlb edilib.
Saat 18:15-də Şahdili burnunun qərb istiqamətində, sahildən təxminən 1000 metrədək məsafədə köməksiz vəziyyətdə qalmış Abşeron rayonunun Masazır qəsəbə sakinləri 1995-ci il oktyabrın 22-də doğulmuş Əsədov Hüseyn Sultan oğlu və 1991-ci il martın 31-də doğulmuş Novruzlu Nicat Elşad oğlu sərhədçilər tərəfindən xilas ediliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra “Abşeron Milli Parkı” ərazisində sahilə çıxarılıblar.