DÜNYA
DÜNYADA 170 MİLYON UŞAQ ACLIQDAN ƏZİYYƏT ÇƏKİR
Dünyada 170 milyondan artıq uşaq aclıqdan əziyyət çəkir, 120 milyon uşaq isə məktəb üzü görmür. Bu barədə UNİSEF-in baş direktoru xanım Karol Bellamu məlumat vermişdir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, məlumatda hər il beş yaşına qədər 10 milyon azyaşlı uşağın ishal, qızılca və nəfəs yollarının iltihabı kimi xəstəliklərə tutularaq öldüyü bildirilmişdir.
Əksəriyyətini kiçik qızlar təşkil edən 120 milyon uşağın heç vaxt məktəbin qapısını açmadığı da məlumatda açıqlanmışdır.
Təşkilat müharibənin getdiyi İraqda aclıqdan əziyyət çəkən uşaqların sayının getdikcə artmasından ciddi narahatlıq keçirdiyini bəyan etmişdir. Beş yaşına qədər uşaqlar arasında əziyyət çəkənlərin sayı son iki ildə iki dəfə artmışdır, ölkədə uşaqların 8 faizi xroniki ishal və vitamin çatışmazlığından əzab çəkir. Ölkədə içməli su çatışmazlığı uşaqlar arasında xəstəliklərin geniş yayılmasına və ölüm hallarının artmasına səbəb olmuşdur.
Beynəlxalq təşkilat dünya ictimaiyyətini uşaqlara yardım etməyə və getdikcə qorxunc şəkil alan bu bəla ilə mübarizə aparmağa çağırmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris