CƏMİYYƏT
Daha bir rayon Bakı meriyasının layihəsinə qoşulub VİDEO
Bakı, 24 avqust, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin artıq dördüncü ildir birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir. Nərimanov rayonunda icrasına başlanan layihəyə daha sonra Nizami, Nəsimi və Yasamal rayonları da qoşulmuşdu. Əldə edilən müsbət nəticələr paytaxtın digər rayonlarında da yeniliklərin tətbiqinə imkan yaradıb. Belə ki, bu ilin sentyabrından Bakının daha iki rayonunda layihənin icrasına başlanması nəzərdə tutulur.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihəyə qoşulacaq 300 min nəfərdən çox əhalisi olan Xətai rayonunda hazırlıq işləri çərçivəsində, ilk növbədə, 498 ədəd konteyner meydançası yaradılıb. Meydançalara yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılır və əraziyə cavabdeh şəxslər təyin olunur.
Sakinlərin maarifləndirməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Xətai rayonunun bütün məhəllə və həyətlərində görüşlərin keçirilməsinə başlanılıb. Bu işlərə Bakı Şəhər və Xətai Rayon İcra hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən, İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.
Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşür, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllələrdə və binaların bloklarında maarifləndirici posterlər yapışdırırlar.
Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 57 ədəd yeni avtonəqliyyat vasitəsi və mexanizmlər alınaraq xidmətlərin istifadəsinə verilib və bu proses davam edir.
Son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxt Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib. Bu layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcəkdir.