ELM VƏ TƏHSİL
Daha bir universitet “Maarifçi” Tələbə Kredit Fondu ilə müqavilə imzalayıb
Bakı, 18 noyabr, AZƏRTAC
“Maarifçi” Tələbə Kredit Fondu ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müqaviləyə əsasən, ADMİU-nun aztəminatlı ailələrdən olan tələbələri Fondun təqdim etdiyi təhsil kreditlərindən faydalanacaqlar.
Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Maarifçi” Tələbə Kredit Fondu dövlət ali təhsil müəssisələri – Dillər, Dövlət Pedaqoji, Dövlət Neft və Sənaye, Texniki, Dövlət İqtisad, Memarlıq və İnşaat, Bakı Dövlət, Bakı Slavyan universitetləri, Gəncə və Sumqayıt dövlət universitetləri tərəfindən təsis olunub.
Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.